Bakı.TurkicWorld :
İyunun 14-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) əcnəbi diplomatlar üçün birgə təşkil etdiyi "Xarici Siyasət Proqramı" öz işini yekunlaşdırıb.
TurkicWorld xəbər verir ki, 14 ölkəni təmsil edən 21 diplomat proqramı bitirərək sertifikat əldə ediblər.
Bu münasibətlə ADA Universitetində keçirilən Məzun günündə bu ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə, onun müşaviri Aygün Hacıyeva çıxış ediblər.
Prorektor Fariz İsmayılzadə AIDA ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn bu proqramın həm qurumlar arasında əməkdaşlığın, həm də ölkəmizin diplomatik əməkdaşlığının təzahürü olduğunu bildirib.
Aygün Hacıyeva sözügedən proqramı yalnız Azərbaycanı, regionu tanımaq üçün fürsət kimi deyil, diplomatik bacarıqların inkişafı üçün öyrənmə platforması kimi qiymətləndirib.
Qeyd edək ki, əcnəbi diplomatlar proqram ərzində Qarabağdakı quruculuq prosesini bilavasitə müşahidə etmək üçün Füzuli rayonuna səfər ediblər.
Onlar daha əvvəl Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər. Daha sonra Şəhidlər üçün ucaldımış abidə ilə tanış olan qonaqlar Mirzə Uluqbəy adına orta məktəbdə olublar.
Xatırladaq ki, əcnəbi diplomatlat üçün "Xarici Siyasət Proqramı"nda Qayana, Burkina Faso, Ekvador, Flippin, Syerra-Leone, habelə Belarus, Moldova, Slovakiya, Tacikistan, Özbəkistan və digər ölkələri təmsil edən diplomatlar iştirak ediblər.
Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaqlar xarici diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı, ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları mövzularında məruzələrlə çıxış ediblər.
Həmçinin iştirakçılar bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirib, eləcə də tarixi-mədəni yerləri ziyarət ediblər.