Bakı. TurkicWorld:
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan boksçuları növbəti dəfə qələbə qazanıblar.
TurkicWorld xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Mexlarə Məmmədova qazaxıstanlı döyüşçü Anel Kudalbergenlə mübarizədən məğlub ayrılaraq, bürünc medala sahib olub.
Daha sonra rinqə çıxan boksçumuz Tural Sarıyev (51 kq) Rusiya təmsilçisi Andrey Salatovu məğlub edərək finala vəsiqə qazanıb. Şəmsi Şahbazov (71 kq) yarımfinalda Venezueladan olan rəqibi Cedeno Zarrameni ilə döyüşdən məğlub ayrılıb. Bununla da boksçumuz bürünc medal əldə edib.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.