Bakı. TurkicWorld:
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
TurkicWorld-un məlumatına görə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Qeyd edək ki, bundan əvvəl müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.