Azərbaycanda idmanın inkişafı üçün böyük imkanlar var - UNESCO

Azərbaycanda idmanın inkişafı üçün böyük imkanlar var - UNESCO

Bakı. TurkicWorld:

Azərbaycanda idmanın inkişafı üçün böyük imkanlar var.

TurkicWorld-un məlumatına görə, bunu UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində çoxtərəfli forumun açılışından əvvəl çıxışı zamanı deyib.

"Azərbaycanda bu sahədə idman naziri Fərid Qayıbovun başçılıq etdiyi çox güclü rəhbərlik var, sizin gözəl şəraitiniz var, biz birlikdə bu konfransın gündəliyini hazırlaya bildik", - Ramos bildirib.

O qeyd edib ki, Azərbaycanda keçirilən bu beynəlxalq idman konfransının məqsədi iqtisadi inkişafı, sosial inklüzivliyi və gender bərabərliyini stimullaşdırmaq üçün idman imkanlarını inkişaf etdirməkdir.

"Bu konfrans vasitəsilə biz həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları, Çilidə keçiriləcək Panamerika Oyunları və digər idman tədbirləri ilə bağlı əlaqələr yaratmaq üçün çalışacağıq" - Ramos sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, iyunun 26-29-da Bakıda 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunduğu bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir.

MİNEPS VII UNESCO-nun keçirdiyi etdiyi qlobal konfransdır. Konfrans idmana investisiyaları artırmaq, idman təcrübələrini təkmilləşdirmək, keyfiyyətli bədən tərbiyəsini təşviq etmək və idmanın sağlamlıq, cəmiyyət və iqtisadiyyata müsbət təsirini artırmaq üçün dövlət rəsmilərini, idmançıları, özəl sektoru və başqalarını bir araya gətirir.