Bakı.TurkicWorld:
14 may Türkiyədə keçiriləcək prezident seçkiləri son illərin ən vacib, taleyüklü, qlobal əhəmiyyət kəsb edən siyasi hadisəsidir.
Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
Deputat, Türkiyənin 14 may tarixində keçiriləcək seçkiler və bu seçkilərin türk dünyasına olan təsiri haqqında fikir bildirmişdir:
"Təsadüfi deyil ki, 14 may seçkiləri Amerikadan tutmuş Avropaya, Asiya və Afrikaya qədər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Osmanlının süqutundan sonra Türkiyənin keçdiyi tarixi yola diqqət etdikdə görürük ki, bu ölkə daim müxtəlif geosiyasi qüvvələrin təzyiqi altında olmuşdur."
"Türkiyənin yenidən güclənməsini, müstəqil siyasət aparmasını özləri üçün təhlükə olaraq görən xarici qüvvələr, daxildəki 5-ci kolon vasitəsilə bunun qarşısını almışlar. Dahi Öndər Mustafa Kamal Atatürkün ölümündən sonra tez-tez dəyişən koalisiya hökumətlərinin bir çoxu dövlət və milli maraqları tam təmin edə bilməmiş, türk xalqının rifahını, yaşayış səviyyəsini, dövlətin isə beynəlxalq münasibətlər sistemində layiq olduğu yeri təmin edə bilməmişlər. Düşünürəm ki, Baş nazir Adnan Menderes nümunəsini, onun faciəli şəkildə edam olunmasını, hərbi çevrilişləri və digər hökumət dəyişikliklərini xatırlamaq kifayətdir", - M.Nəsib tarixi faktları əsas gətirərək bildirib.
Deputat, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərindəki inkişafı analiz edərək, 2003-cü ildən bəri Türkiyənin siyasi, iqtisadi, sosial, texnoloji, hərbi inkişafa nail olduğunu bildirib. O, həmçinin müdafiə sənayesindəki inkişafı vurğulayaraq, sözü gedən sənayenin türk silahlı qüvvələrinin 80%-dən artıq yerli silah-sursatla təmin etdiyini və xarici ölkələrdən asılılığı aradan qaldırdığını bildirib.
M.Nəsib olduqca aktiv, müstəqil, ədalətə söykənən xarici siyasət yürüdən R. Ərdoğanın uğurlu siyasətinin bir çox dairələri narahat etdiyini vurğulayıb: "Onlara müstəqil siyasət aparan, güclü, dik duran Türkiyə yox, hər zaman özlərinin verdiyi tapşırıqları sözsüz yerinə yetirən zəif, vassal Türkiyə lazımdır. Son illər Türkiyəyə qarşı təzyiqlərin kökündə bu amil durur".
Millət vəkili, 14 may seçkilərinin türk dünyasına olan təsirinə dair münasibət bildirib:
"14 may seçkilərinin Türk dünyasının diqqət mərkəzində olması, təbiidir. Türk dünyası böyük bir coğrafiyanı əhatə edir. Təbii resurslara, insan kapitalına, tarixə, böyük bir mədəniyyətə malik olmalarına rəğmən, müxtəlif imperiyaların təsir dairəsində olması, türk dünyasını bir çox ədalətsizliklərlə üzləşdirmişdir. Ərdoğanın “Dünya beşdən böyükdür” fikri, türk, islam dünyasına qarşı edilən ədalətsizliklərin qarşısının alınmasını nəzərdə tutur."
"Bu gün artıq Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət nəticəsində Türk dünyası birləşir, inteqrasiya edir. Bütün sahələrdə əməkdaşlıq edir. Türk Dövlətləri Birliyi yaradılıb. Qanunverici, icraedici orqanlar bir-birləri ilə sıx təmasda olur. Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın Türkiyə ilə ticari əlaqələri dəfələrlə artmışdır. Türk dünyasının daha da birləşməsi, böyüməsi, haqqı olduğunu əldə etməsi, tarixi zərurətdir",- deyə M.Nəsib elave edib.
Sonda deputat türk dünyasının qurulmaqda olan yeni dünya nizamında öndə getməli olduğunu vurğulayaraq, heç bir təqdirdə böyük amalların xarici dirijorların çubuğu ilə idarə olunan populist qüvvələrə qurban verilmemesi gərəkdiyini vurğulayıb. Onun fikrinə görə belə bir halın olduğu təqdirdə, türk dünyasının yenidən parçalanması, böyük dövlətlərin təsiri altına düşməsi qaçılmazdır.
Amaliya İsmayılova
Twitter: @IsmailovAmaliya







