Türkiyədə tarixi prezident və parlament seçkiləri: təxminlər və proqnozlar (ÖZƏL)

Türkiyədə tarixi prezident və parlament seçkiləri: təxminlər və proqnozlar (ÖZƏL)

Bakı.TurkicWorld:

Türkiyə Respublikasında may ayının 14-də həm prezident, həm də parlament seçkiləri keçiriləcəkdir. Bu seçkilər öz əhəmiyyəti baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Səbəbləri bəllidir. Birincisi, bu seçkilər xüsusi tarixi zamana - Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. İkincisi, seçkilərin nəticələri təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmır, milli sərhədləri aşaraq qlobal məna və məzmun kəsb edir. Üçüncüsü, Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və onun doğurduğu fəlakətlər seçki prosesinə birbaşa və ya dolayısıyla təsir göstərir.

Heç şübhəsiz, seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir. O, seçkilərə tərkibinə Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası və Yenidən Rifah Partiyası daxil olduğu “Cümhur İttifaqı” ilə qatılmışdır. Hür Dava Partiyası da Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəklədiyini bildirmişdir.

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edərək “Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini ”diqqətə çatdıran cənab Ərdoğan vurğulamışdır ki, mərhum Menderes 1950-ci il mayın 14-də "Bəsdir daha, söz millətindir!" deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır. "Millətimiz 73 il sonra bir daha eyni gün müstəmləkədə qalmaq həvəsində olanlara "Bəsdir!" deyəcək. Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.

Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki prosesində növbəti dəfə millətindən dəstək istəməsi üçün tam mənəvi haqqı vardır. 2003-2014-cü illərdə Türkiyə Respublikasının Baş naziri, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğan təsadüfi deyildir ki, ölkəsinin inkişafı və tərəqqisi, habelə beynəlxalq təhlükəsizliyin təminatı yolunda atdığı misilsiz addımlarına görə “Zəmanəmizin Atatürkü” hesab olunur.

Cənab Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu son 20 il ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçmişdir. Türkiyə G-20 daxilində ÜDM-nin artım tempinə görə ilk beşliyə daxildir. Türkiyə güclü iqtisadiyyata malik ölkə olaraq ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur. Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində-2023-cü ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisadiyatına çevirməyi hədəf seçmişdi. Məhz cənab Ərdoğanın həyata keçirdiyi köklü iqtisadi islahatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter aldı, ÜDM son 20 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artmış oldu. “Uzağagedən baxış: 2050-ci ilədək qlobal iqtisadi sistem necə dəyişəcək” adlı digər mühüm bir tədqiqatın təqdimatında isə vurğulanır ki, Türkiyə 2050-ci ilədək dünyanın 10 aparıcı iqtisadi dövləti arasında dominant mövqeyə malik olacaqdır.

Türkiyə son 20 il ərzində məhz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında NATO çərçivəsində ikinci hərbi güc sahibinə çevrilmişdir. Məhz cənab Ərdoğanın xarizmalı və qətiyyətli lider olması sayəsində Türkiyə dünya siyasətində regional oyunçudan qlobal aktora çevrilmişdir. Dünya liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində Prezident Ərdoğanın xidmətləri misilsizdir. Rusiya-Ukrayna müharibəsi kontekstində Yaxın Şərqdə və Afrika Ölkələrində yaranmış ciddi buğda qıtlığı böhranının aradan qaldırılmasında Türkiyə liderinin fəaliyyəti həlledici rol oynamışdır. Eyni zamanda Rusiya-Ukrayna dialoqunun təşkil olunması sahəsində də cənab Ərdoğanın atdığı addımlar “köhnə qitə”də sülh prosesinə ciddi töhfə olmuşdur. Bundan savayı, təxminən 4 milyon nəfərə qədər suriyalı qaçqına qucaq açıb, onların bütün təminatını üzərinə götürməklə, Türkiyə Prezidenti həm də Avropanı böyük miqrasiya böhranından hifz etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 16-da şəxsi təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə xüsusi olaraq vurğuladı ki, “Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.”

Dövlətimizin başçısı cənab İlham Əliyev həmin yüksək səviyyəli tədbirdə Türkiyəni dünyada mühüm güc mərkəzlərindən birinə çevirmiş cənab Rəcəb Tayyib Ədoğanın qarşıdakı prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq qalib gələcəyinə inamını ifadə edərək bildirdi ki, ”Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.”

Bu inam və etimadın əsasında çox ciddi amillər dayanır. Tarixən dost və qardaş olan dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlər məhz iki nəhəng liderin-Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz və titanik fəaliyyəti sayəsində indiki pik səviyyəyə-strateji müttəfiqlik və hərbi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. 2021-ci il, 15 iyun tarixində hər iki liderin imzaladığı tarixi “Şuşa bəyannaməsi” təkcə münasibətlərimizin ali səviyyəsinin göstəricisi deyil, eyni zamanda düşmən qüvvələrə öz yerini göstərən bir addımdır.

Qardaş Türkiyə dövləti 44 günlük Vətən müharibəsinin ilk anından başlayaraq Azərbaycanın yanında oldu, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərdi. Xüsusilə cənab Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq müharibənin davam etdiyi dövrdə verdiyi bəyanatlar üçüncü dövlətlərin Ermənistanın yanında yer almaq niyyətlərinin qarşısını aldı. Başqa sözlə, dostluq və qardaşlığımız hər zaman olduğu kimi, növbəti dəfə də tarixin sınağından şərəflə çıxdı. Eyni məntiqlə Türkiyədə baş vermiş zəlzələnin fəlakətli nəticələrinin aradan qaldırılması prosesində Azərbaycanın verdiyi mühüm töhfə tam məntiqi və qanunauyğundur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci yerdə olmuşdur. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılmışdır. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilmişdir. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərmişdir. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.” Bütün bunlardan savayı, Azərbaycan Türkiyənin zəlzələ bölgəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi ilk anlardan dövlətin bütün resurslarını səfərbər edərək təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılması prosesinə başladı. Zəlzələ bölgələrinə çoxsaylı səfərlər edərək, insanlara hərtərəfli dəstəyin göstərilməsi kimi olduqca mürəkkəb prosesinin uğurlu təminatı üçün bütün mümkün vasitə və mexanizmləri işlək vəziyyətə gətirdi. Prezident Ərdoğan zəlzələdən böyük ziyan çəkmiş yaşayış məntəqələrində insanlar qarşısında çıxış edərkən inamla bildirirdi ki, ”cəmisi 1 il ərzində 319 min ev tikib qanuni sahiblərinə təhvil verəcəyik, bütövlükdə isə 650 min ev tikəcəyik.” Prezident Rəcəb Tayyib Ərdoğan eyni zamanda zəlzələ nəticəsində həlak olmuş və yaralanmış insanlara ehtiram əlaməti olaraq aparacağı seçki kampaniyası dövründə musiqidən istifadə olunmayacağını bəyan edir.

Təəssüf ki, eyni yanaşma tərzi müxalifət düşərgəsi üçün yaddır. Onlar dəhşətli zəlzələnin yaratdığı olduqca mürəkkəb şəraitdən belə öz siyasi məqsədləri üçün yararlanmaqdadırlar. Zəlzələnin fəlakətli nəticələrini aradan qaldırmaq üçün ümummilli həmrəylik göstərmək əvəzinə, iqtidarı hər məsələdə, hətta təbii fəlakətin baş verməsində belə ittiham etməkdədirlər. Xalqın faciəsi üzərində siyasi divident qazanmaq yolunu tutublar.

Müxalif “Millət İttifaqı”seçkilərdə heç də daxilən monolit qüvvə kimi iştirak etmir. Onların vahid namizədi Kamal Kılıçdaroğlunun sol təmayüllü siyasi cərəyandan gəlməsi amilini nəzərə alsaq, onun sağ mənşəli mühafizəkar Anadolu seçicilərindən geniş dəstək ala bilməyəcəyi proqnozlaşdırılandır. Obyektivlik naminə onu da qeyd edək ki, bu “ittifaq” öz mahiyyəti etibarilə “məqsədli nigah”ı xatırladır. Seçkilərdə qalib gəlmək naminə diametral fərqli siyasi əqidə və baxışların daşıyıcısı olan siyasi partiyaların bir araya gəlməsi müvəqqəti xarakter daşıyır və seçkilərdə məğlubiyyət faktı kifayətdir ki, onların parçalanması və müxtəlif siyasi qütblərdə yer alması baş tutsun. Bu yerdə “Millət İttifaqı”nın üzvü, İyi Partiyanın rəhbəri Meral Akşenerin müxalifətin durumu ilə bağlı acı etirafını xatırlamaq yerinə düşər: “Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirmişdir. Bu qurum ümumi ağıl platforması olmaqdan çıxmışdır. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilmişdir. Biz qumar masasında və ya notarius masasında olmayacağıq. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.” Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Son 20 ildə Türkiyənin hərtərəfli inkişafı və dünyanın güc mərkəzlərindən birinə çevrilməsi Prezident Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının adı ilə bağlıdır. Qədirbilən Türkiyə xalqının gözü tərəzidir. Xalq heç vaxt seçimində yanılmır. Xalqın növbəti dəfə cənab Rəcəb Tayyib Ərdoğana və onun rəhbərlik etdiyi “Cümhur İttifaqı”na səs verəcəyi şübhə doğurmur.

Nəhayət, hipotetik baxımdan onu da qeyd edək ki, əgər Türkiyədə keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının iştirak etməsinin hüquqi əsasları olsaydı, seçicilərimizin mütləq əksəriyyəti məhz Rəcəb Tayyib Ərdoğanın lehinə səs verərdi və onu növbəti dəfə siyasi hakimiyyətin olimpinə yüksəldərdi.

Elman Nəsirov

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü,

siyasi elmlər doktoru, professor