Bakı, TurkicWorld:
Anadolu türkləri qardaş ölkənin bayrağına hücumu öz bayrağına hücum kimi qiymətləndirir , bu sözləri AzerPress-ə özəl açıqlamasında araşdırmaçı jurnalist, Türk Dünyası Şurası Dərnəyinin (TÜRKİYAD) vitse-prezidenti Selçuk Düzgün bildirib.
“Ermənistan rəsmilərinin də iştirak etdiyi beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılmasına səssiz qalan Ermənistan dövləti öz xislətini bir daha ortaya qoydu. Onlar hələ də cəbhədə Azərbaycan ordusu tərəfindən məğlub edildiklərini qəbul edə bilmədikləri üçün o şərəfsiz hərəkəti etdilər”, - deyə S. Düzgün əlavə edib.
Onun sözlərinə görə, bütün dünyada beynəlxalq idman yarışları dostluq və sülh naminə sivilizasiyaların görüşü üçün keçirildiyi halda, Ermənistanın bu münasibəti cinayət kimi qəbul edilməlidir.
“İdmançılar beynəlxalq yarışlarda özlərini və ölkələrini təmsil edir, dostluq, sülh münasibətləri qururlar. Azərbaycanlı idmançılar ora müharibəyə getməyib, yarışa öz ölkəsini təmsil etmək üçün gediblər. Amma onların üzləşdiyi mənzərə Azərbaycan-Ermənistan münasibətlərində hər iki tərəfdən kimin kim olduğunu dünyaya bir daha sübut etdi. Orqanizasiyadakı erməni rəsmilərin bayraq yandırıldıqdan sonra heç nə olmamış kimi davranmaları da dünyanın gözü qarşısında oldu. Ona görə də dünya idman komitələri bu hadisə qarşısında səssiz qalmamalı və Ermənistanı idman yarışlarından uzaqlaşdırmalıdırlar. Bu, sözün əsl mənasında idmanda soyqırımdır”, - deyə o vurğulayıb.
O bildirib ki, bayrağı yandıranlar Ermənistan tərəfindən qəhrəman elan edilib və biz buna səssiz qala bilmərik. “Böyük ehtimalla, bu hadisədən sonra yalnız o hərəkəti edən idmançılar cəzalandırılacaq, lakin bu kifayət deyil. Bu vəziyyət dünyaya ən sərt dillə çatdırılmalı, Ermənistana idman yarışlarında embarqo qoyulmalıdır”, - deyə S. Düzgün qeyd edib.







