Son dəqiqə

Azərbaycan Sahil Kərimli

Aİ-nin missiyası bölgədə sülhə və təhlükəsizliyə birbaşa təhdid yaradır

Bakı. TurkicWorld:

Avropalı müşahidəçilərin Ermənistanda fəaliyyətə başlaması bölgədə sülhə və təhlükəsizliyə birbaşa təhdidlər yaradır. Avropa İttifaqı missiyasının bölgəyə gəlməsindən cəmi bir gün sonra həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizin atəşə tutulması buna bariz nümunədir.

TurkicWorld xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

S.Kərimlinin sözlərinə görə, Azərbaycan dövləti Avropadan Ermənistana müşahidəçilərin göndərilməsinin qəbuledilməz olduğunu dəfələrlə bəyan edib. Çünki, bu addım onsuz da həssas olan dövrdə regiondakı vəziyyəti daha da gərginləşdirə bilər. Proseslər göstərdi ki, Azərbaycan öz mövqeyində tamamilə haqlıdır. Ermənistan mülki missiya adı ilə bölgəyə göndərilən, əslində isə təxribat məqsədilə fəaliyyətə başlayan avropalı müşahidəçilərə güvənir, Azərbaycana qarşı təhdidləri davam etdirir. Ermənistan rəhbərliyi sanki Aİ missiyasını özünə qalxan hesab edir.

"Sirr deyil ki, Ermənistan bu cəsarəti avropadakı dairələrdən və onların bölgəyə göndərdiyi nümayəndələrdən alır. Azərbaycan Ordusu əvvəllər də Ermənistanın hərbi təxribatlarının qarşısını ən sərt şəkildə alıb və bundan sonra da istənilən təhdidlərə adekvat cavab veriləcək. Ermənistan düşünməsin ki, əməlləri cəzasız qalacaq. Onları heç kim xilas edə bilməyəcək", - deyə siyasi ekspert qeyd edib.

Aİ missiyasının bölgəyə gəlişi ilə bağlı İran hakimiyyətinin biganəlik göstərməsinə münasibət bildirən siyasi ekspert deyib: "Təəccüb doğuran hal odur ki, başqa vaxt Ermənistanla sərhədi özünün qırmızı xətti adlandıran İran hansı səbəblə Avropalı silahlıların öz sərhədlərinə qədər gəlib çıxmasına göz yumur? Görünən odur ki, Azərbaycana qarşı düşmənçilik hissi molla rejimin gözünü kor edib. Bununla yanaşı, Rusiya da Aİ missiyasının Ermənistana yerləşdirilməsinə qarşı ciddi addımlar atmır. Bölgədə hansı oyunların getməsindən və ya təxribatçı planların qurulmasından asılı olmayaraq, Azərbaycan dövləti öz qətiyyətli mövqeyini nümayiş etdirir. Azərbaycan istənilən ssenariyə hazırdır. Əgər Ermənistan təxribatları davam etdirərsə, layiqli cavabını alacaq".

Mövzuya görə xəbərlər