BAKI,TurkicWorld
Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, Energetika Nazirliyinə, Azərbaycan şirkətlərinə və birgə səylərimizə töhfə verən hər kəsə təşəkkürümü bildirirəm.
Bu barədə Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "X" sosial media hesabındakı paylaşımında qeyd edib.
Paylaşımda həmçinin bildirilib ki, Ukrayna-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.
"Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Prezident Volodimir Zelenski və Prezident İlham Əliyev arasında, eləcə də iyun ayında Bakıda nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaların icrasını davam etdirdik. Avadanlıq ehtiyatlarının yaradılması, onların çatdırılması üçün logistikanın təşkili, standartlaşdırma və birgə istehsal sahələrində əməkdaşlıq təklif etmişik. Nazir Pərviz Şahbazov Ukraynanın bərpaolunan enerji sahəsində əldə etdiyi texnoloji nailiyyətləri də qeyd edib.
Bununla yanaşı, Ukraynanın bərpası və modernləşdirilməsi istiqamətində də çalışırıq. Bu çərçivədə Azərbaycan şirkətlərinin kritik infrastrukturun, enerji sektorunun, sənaye və sosial obyektlərin yenidən qurulmasına cəlb edilməsi nəzərdə tutulur.
İclasın yekununda Komissiya birgə Fəaliyyət Planını təsdiqləyib və növbəti iclasın Bakıda keçirilməsi barədə razılıq əldə olunub", - deyə əlavə edilib.






