Bakı.TurkicWorld:
Azərbaycan və Özbəkistan birgə istehsalın inkişafı və sənaye alyansının yaradılması üçün əhəmiyyətli potensiala malikdir.
TurkicWorld-un müxbiri xəbər verir ki, bu barədə CASPIA Analitik Mərkəzinin rəhbəri Orxan Yolçuev Bakıda "Azərbaycan-Özbəkistan biznes barometri" təşəbbüsünün təqdimatı zamanı deyib,
Onun sözlərinə görə, əməkdaşlığın perspektivli modellərindən biri iki ölkənin istehsal imkanlarının birləşdirilməsi və birgə məhsulların istehsalına başlanılması ola bilər. O.Yolçuev ümumi sənaye alyansının yaradılması ideyasının daha əvvəl də regional səviyyədə müzakirə edildiyini qeyd edib.
O bildirib ki, iqtisadi əlaqələrin gələcək inkişafı ticarət həcmlərinin öyrənilməsindən şirkətlər arasında əməkdaşlığın keyfiyyətinin qiymətləndirilməsinə keçidi tələb edir.
"Biz elə bir səviyyəyə çatmışıq ki, biznesin tərəfdaşları nə dərəcədə asanlıqla tapa bildiyini, birgə layihələrə nə dərəcədə rahat başlaya bildiyini araşdırmalıyıq", - deyə O.Yolçuev qeyd edib.
O, ölkələr arasında əldə olunan siyasi razılaşmaların konkret investisiya layihələrinə çevrilməsinə imkan verəcək mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
CASPIA rəhbərinin sözlərinə görə, məhz bu məsələlər CASPIA-nın Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzi (CPR) ilə birgə hazırladığı "Azərbaycan-Özbəkistan biznes barometri" çərçivəsində nəzərə alınmalıdır.
O qeyd edib ki, platforma yalnız ticarət göstəricilərinin təhlilinə deyil, həmçinin tərəfdaşların tapılması və birgə layihələrin həyata keçirilməsinə başlanılması da daxil olmaqla, biznes üçün praktiki imkanların müəyyənləşdirilməsinə yönələcək.







