BAKI,TurkicWorld Orxan Qədirzadə
Kolonializm yalnız torpaqların və təbii sərvətlərin işğalı ilə məhdudlaşmır. O, eyni zamanda xalqların dilini, milli kimliyini və düşüncə tərzini dəyişdirməyə yönəlmiş ideoloji təsir mexanizmi kimi çıxış edir.
Bunu "ANEWZ" beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən konfransda qeyd edib.
Onun sözlərinə görə, tarix boyu müstəmləkəçi idarəetmə təkcə hərbi və siyasi vasitələrə deyil, həm də media və informasiya platformalarına arxalanaraq xalqların dili, mədəniyyəti və kimliyi üzərində təsir formalaşdırmağa çalışıb. Bu səbəbdən informasiya məkanı dekolonizasiya prosesinin mühüm istiqamətlərindən biri hesab olunur.
Orxan Amaşov vurğulayıb ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellekt alətlərinin geniş tətbiqi bu gün dekolonizasiya ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya daha operativ və təsirli şəkildə çatdırılması üçün yeni imkanlar yaradır. O qeyd edib ki, bu texnologiyalar yerli xalqların səsinin qlobal informasiya məkanında daha aydın eşidilməsinə, onların tarixi və mədəni irsinin daha geniş tanınmasına xidmət edə bilər.


