BAKI,TurkicWorld Orxan Qədirzadə
Medianın dekolonizasiya prosesinin nəticələrinin və bu sahədə həyata keçirilən fəaliyyətin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rolu var.
Bunu Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O, jurnalistlərin peşəkarlığını, məsuliyyət hissini və fədakar fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, media nümayəndələrinin əməyi dekolonizasiya mövzusunda beynəlxalq məlumatlılığın artırılmasına əhəmiyyətli töhfə verir. Abbas Abbasov qeyd edib ki, jurnalistika yüksək peşə bacarığı, prinsipial mövqe və operativ qərarvermə qabiliyyəti tələb edən məsuliyyətli peşədir.
İcraçı direktor vurğulayıb ki, son üç il ərzində Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin ağır nəticələri və dekolonizasiyanın əhəmiyyəti barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində mühüm uğurlar qazanıb. Onun sözlərinə görə, bu nailiyyətlərin əldə olunmasında medianın dəstəyi və fəal iştirakı xüsusi rol oynayıb.
“İctimaiyyətin maarifləndirilməsi və cəmiyyətlərin diqqətinin bu vacib məsələlərə yönəldilməsi istiqamətində göstərdiyiniz səyləri yüksək qiymətləndiririk”, – deyə Abbas Abbasov bildirib.
O, həmçinin qeyd edib ki, konfrans çərçivəsində dekolonizasiya mövzusuna həsr olunmuş iki panel müzakirəsi təşkil olunacaq.


