Hüseyn Cavidi heç vaxt unutmamışıq və unutmayacağıq - Yalçın Topçu

Hüseyn Cavidi heç vaxt unutmamışıq və unutmayacağıq - Yalçın Topçu

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu böyük Azərbaycan şairi Hüseyn Cavidi vəfatının ildönümündə yad edib.

TurkicWorld xəbər verir ki, Topçu şairin xatirəsini yad edən çıxışında deyib:

“Diktator Stalinin göstərişi ilə Sovet Rusiyasının işğalı dövründə türk zadəgan ziyalılarına qarşı başladılan qırğın, qətliam və zülm illərində Türk dünyasının böyük şairi və onun igid oğlu Hüseyn Cavid 1938-ci ildə həbs edilərək, 8 illik cəza ilə Maqadan həbsxanasına salındı. Daha sonra isə oradan Sovet Rusiyasının vəhşət düşərgəsi olan İrkutska göndərildi.

Türk dünyasının igid qələmi, igid səsi Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda dünyaya göz açıb, 1941-ci ildə 59 yaşında həyat yoldaşı və iki övladı ilə birlikdə yaşadığı ağrı və zülmlə dolu həyatla vidalaşıb, haqq dünyasına qovuşub. Onun cənazəsi Türk dünyasının böyük dövlət xadimi mərhum Heydər Əliyev tərəfindən Sibirdən doğulduğu Naxçıvana gətirilib.

Əsərlərinin əksəriyyətini çox sevdiyi Türkiyə türkcəsində qələmə alan böyük ziyalımıza ən çox təsir edənlərdən biri də Türk dünyasının işıqlı mütəfəkkirlərindən olan İsmayıl bəy Qaspıralıdır.

Onun üçün yazdığı “İsmayıl Bəy” şeirində deyirdi:

“İsmayıl bəy, o bir böyük Türk idi,
Bir Günəşdi Krım üfüqlərindən
Parlayıb ətrafı nura qərq etdi,
Yıldızlar yaratdı şəfəqlərindən.
İsmayıl bəy Türk yurduna şan verdi,

Öksüz, ölgün millətinə can verdi.
Onun məsləki bu idi daima:
“Əməldə birlik, dildə, fikirdə birlik...”
Əməl, fikir, dil birliyi olmayınca
Əvət, pək çətindir cahanda dirlik”.

Türk dünyasının bütün mənsublarına dəyərli miras qoyan, Can Azərbaycanın azadlığı, Türk dünyasının birliyi və gələcəyi yolunda canını və ailəsini fəda edən igid ziyalı atamız Hüseyn Cavidi heç vaxt unutmamışıq və unutmayacağıq.

Hörmət, rəhmət və minnətdarlıqla anırıq,

Yeri cənnət, ruhu şad olsun”.