Bakı. TurkicWorld:
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda olub.
Bu barədə TurkicWorld-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan parlament nümayəndə heyəti müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Konsulluğun inzibati binasında ucaldılmış büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.
Baş Konsulluğun əməkdaşları ilə söhbət edən spiker Sahibə Qafarova Baş Konsulluğa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə edib.
Sonra Baş Konsulluq tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Tədbirdə Azərbaycan dövlətçilik tarixində Müstəqillik Gününün əhəmiyyəti, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik illərində əldə olunmuş uğurlar barədə çıxışlar edilib. Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.
Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.







