Son dəqiqə

Hikmət Hacıyev

İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, bərpa işləri böyük missiyadır - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işlərinə başlamışıq. Minalardan təmizlənmiş ərazilərdə təhlükəsiz və dayanıqlı inkişafı təmin etmək əsas prioritetlərimizdəndir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") adlı tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, qlobal düşünərək yerli səviyyədə işləmək QHT-lərin əsas şüarıdır:

"Azərbaycan QHT-ləri təkcə ölkə sərhədləri daxilində fəaliyyət göstərmir. Keçən il təsis olunmuş Qlobal Cənub platforması xüsusi qeyd edilməlidir. Keçən il Prezident adından bu platforma qarşısında çıxış etmişəm. Əminəm ki, sizin töhfələriniz və fikirləriniz şəhərsalma gündəliyində nəzərə alınacaq və şəhərlər üçün yeni inkişaf gündəliyinin formalaşmasında mühüm rol oynayacaq.

Həyatımız şəhərlərlə bağlıdır. Şəhərlər böyüdükcə əhalinin artımı və iqlim dəyişiklikləri yeni çağırışlar yaradır. Azərbaycanda da iqlim dəyişikliklərinin təsirlərini müşahidə edirik. Forumun ilk günündə gözlənilməz yağışla üzləşdik — bu da iqlim dəyişikliyinin real təsirlərini bir daha göstərir. Şəhərlər bu dəyişikliklərə daha çox məruz qalır.

Dünən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu müzakirələr üçün əlverişli bir məkandır. Azərbaycan xalqı şəhərsalma sahəsində qədim ənənələrə malikdir. Qəbələ qədim İpək Yolunun mühüm şəhərlərindən biri olub. Bakı isə mədəni irsin qorunması baxımından mühüm mərkəzdir.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiyadır. Minalarla çirkləndirilmiş ərazilərdə biz yeni tarix yazırıq. Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb, doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam, məsələn, Qafqazın "Xirosiması" adlandırılırdı. Yüz minlərlə insana ev olan bu şəhər tamamilə dağıdılmışdı.

Biz isə bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq. Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunu oynayır".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Mövzuya görə xəbərlər