Əfqanıstan Hikmət Hacıyev Bakı PAŞA Holding Mərkəzi Asiya

Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir (FOTO)

BAKI,TurkicWorld

Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forumunun ikinci günü keçirilir.

Forumun ikinci günündə regionda iqtisadi əməkdaşlıq, sahibkarlıq, investisiya və regional əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Günün proqramında "CAMCA-nı dünya ilə əlaqələndirmək: Regional və qlobal iqtisadi əlaqələrin qurulması" mövzusunda plenar sessiya keçiriləcək.

Bundan əlavə, "CAMCA-da sahibkarlıq: Regional uğurun genişləndirilməsi", "Mədəniyyət, kimlik və regional narrativlər", "CAMCA-nın artım potensialının açılması: Regional əməkdaşlıq üçün siyasət əsasları" və "CAMCA-nın artım potensialının açılması: Özəl sektorun üstünlüyü" mövzularında sessiyalar baş tutacaq.

Forumda Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, "PAŞA Holding"in baş direktoru Cəlal Qasımov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Eldar Salayev, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Priys və digər dövlət rəsmiləri, biznes nümayəndələri və ekspertlər iştirak edirlər.
Forumun ikinci gününün proqramında, həmçinin "Dəyişən dünyada CAMCA-nın rolu" mövzusunda dövlət xadimlərinin iştirakı ilə sessiya və bağlanış mərasimi nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına yönəlmiş regional platformadır.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər