Hikmət Hacıyev

Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

Bakı,TurkicWorld

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, görüşlər Siyasi məsələlər üzrə baş katibin müavini Olof Skuq və Sülh, təhlükəsizlik və müdafiə məsələləri üzrə baş katibin müavini Devid Kvaç ilə keçirilib.

Tərəflər müntəzəm siyasi təmaslar və praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi sayəsində inkişaf etməkdə davam edən Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyətini müzakirə ediblər.

Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu, eləcə də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz vasitəsilə möhkəmləndirilməsinə verdiyi töhfə xüsusi diqqət mərkəzində olub.

Bundan əlavə, bərpaolunan enerji, rəqəmsallaşma, innovasiyalar və investisiyalar da daxil olmaqla, qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müzakirə edilib.

H.Hacıyev ikitərəfli əməkdaşlığın dinamikasının qorunub saxlanılmasının və əldə olunmuş razılaşmaların tərəflərin qarşılıqlı maraqlarına cavab verən nəticələrə çevrilməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər