TRIPP layihəsi

TRIPP Şərq və Qərb arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımdır - Ana Birçall

BAKI,TurkicWorld

TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu) Şərq və Qərb arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımdır.

TurkicWorld xəbər verir ki,, bunu Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiyanın nəqliyyat qapıları" adlı panel iclasında bildirib.

"TRIPP - 42 kilometrlik seqment - dövlət və özəl iştirakçılar üçün Orta Dəhlizin cəlbediciliyini artıraraq və dövriyyəni genişləndirərək dəyərli alternativ təmin edəcək. Beləliklə, mövcud şəraitdə Orta Dəhliz sabitləşdirici ox rolunu oynamalıdır. Bu, sadəcə infrastruktur layihəsi deyil. Bu, sabitlik, şaxələndirmə və müstəqillik üçün strateji alətdir", - deyə o bildirib.

Birçall qeyd edib ki, bu gün Qafqaz və Mərkəzi Asiya artıq yalnız enerji və ya ticarət üçün tranzit dəhlizləri kimi nəzərdən keçirilmir.

"Onlar strateji əhəmiyyətli nöqtələrə çevriliblər və onların siyasi qərarları, təhlükəsizlik arxitekturası və iqtisadi dayanıqlığı yalnız öz gələcəklərini deyil, həm də Avropadan Asiyaya qədər qüvvələr balansını formalaşdıracaq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan regionlar, bazarlar və mədəniyyətlər arasında əlaqələndirici rol oynamaq bacarığını nümayiş etdirərək Orta Dəhlizin əvəzolunmaz dayağına çevrilib.

"Son illərin sarsıntıları bir daha təsdiqlədi ki, nəqliyyat sisteminin dayanıqlılığı bütövlükdə ölkənin dayanıqlılığı deməkdir. Bu hadisələr təhlükəsiz alternativ dəhlizlərin yaradılmasının zəruriliyini göstərdi və region üçün qlobal təchizat zəncirlərində daha mühüm rol oynamaq imkanı açdı", - deyə A. Birçall bildirib.

Mövzuya görə xəbərlər