Son dəqiqə

TRIPP layihəsi

TRIPP istismara verildikdən sonra əlavə yük axınlarını cəlb edə biləcək

BAKI,TurkicWorld

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) istifadəyə verildikdən sonra əlavə yük axınlarını cəlb edə biləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanan "EU Business Climate Report Azerbaijan 2025/26" hesabatının səkkizinci nəşrində bildirilib.

"Həmin regionda sülhün bərqərar olması tranzit marşrutlarının inkişafı üçün şərait yaradır. Azərbaycan Ermənistan ərazisindən yük tranzitinə dair onilliklər ərzində qüvvədə olmuş bütün məhdudiyyətləri aradan qaldırıb. Zəngəzur dəhlizi (TRIPP) Cənubi Qafqazın geosiyasi gündəliyində mərkəzi yer tutur. Hazırda dəhlizə bitişik avtomobil və dəmir yollarının bir neçə hissəsində tikinti və modernləşdirmə işləri aparılır", - deyə hesabatda qeyd olunub.

Hesabatda vurğulanıb ki, dəhliz boyunca marşrutların əlaqələndirilmiş şəkildə inkişafı daşımaların müddətini və xərclərini əhəmiyyətli dərəcədə azalda, eləcə də regional təchizat zəncirlərini gücləndirə bilər.

"Rəyi soruşulan Avropa şirkətlərinin fikrincə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Poti marşrutu ilə müqayisədə daha qısa tranzit müddəti sayəsində əlavə yük axınlarını cəlb edə biləcək. Bu, Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər", - deyə hesabatda bildirilib.

2025/26-cı illər üzrə sorğunun nəticələri Avropa şirkətlərinin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunu ümumilikdə müsbət qiymətləndirdiyini göstərir. Respondentlərin təxminən yarısı (46,3%) mövcud infrastrukturun bizneslərinin ehtiyaclarını kifayət qədər ödədiyini, daha 7,5%-i isə infrastrukturun fəaliyyətləri üçün aşkar üstünlük olduğunu bildirib.

Qeyd edək ki, hesabat yerli bazarda fəaliyyət göstərən Avropa şirkətlərinin nöqteyi-nəzərindən Azərbaycanın iqtisadi və biznes mühitinin yenilənmiş qiymətləndirilməsini təqdim edir. Hesabat Avropa müəssisələri arasında keçirilmiş sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır. Sənəddə Azərbaycanın investisiya mühitinə təsir edən əsas amillər, sahələr üzrə imkanlar, biznes məhdudiyyətləri, əmək bazarının dinamikası, dayanıqlı inkişaf, rəqəmsallaşma və ölkənin iqtisadi inkişaf trayektoriyasını müəyyənləşdirən daha geniş islahatlar gündəliyi nəzərdən keçirilir.

Mövzuya görə xəbərlər