BAKI,TurkicWorld
5 mart 2026-cı il tarixində Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Nazir İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğunu diqqətə çatdırıb.
Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev isə Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu bildirərək, ölkəsinin Azərbaycanla həmrəy olduğunu qeyd edib. O, bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
Nazir Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi üçün yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib və göstərilən operativ dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







