Bakı. TurkicWorld:
İran Azərbaycanla uzunmüddətli ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
Bunu TurkicWorld-ə açıqlamasında İranın Azərbaycandakı səfirinin müavini Əlirza Cabbari deyib.
Onun sözlərinə görə, İran şimal qonşusu Azərbaycanın ərazi bütövlüyünə tam hörmətlə yanaşır.
Səfirlik rəsmisi qeyd edib ki, İran mövcud mədəni və sivilizasiya baxımından ortaq potensialdan maksimum faydalanmaqla, hər iki ölkənin milli maraqlarının qorunması və birgə layihələrin sürətlə icrası üçün zəruri zəminin yaradılması istiqamətində ardıcıl səylərini davam etdirir. Məqsəd dost və qardaş Azərbaycan ilə uzunmüddətli ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də regionda sabitliyin, təhlükəsizliyin və hər iki xalqın rifahının daha da artırılmasına töhfə verməkdir.
Cabbari bildirib ki, bir neçə gün öncə dost və qardaş ölkə Azərbaycanda İranın Milli Günü – İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov bu münasibətlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyə ayrı-ayrılıqda səmimi təbrik məktubları ünvanlayıb, İran dövləti və xalqını Milli Gün münasibətilə təbrik ediblər.
Cabbari qeyd edib ki, Azərbaycan Respublikasının ali rəhbərliyinin İran tərəfinə göndərdiyi təbrik mesajlarında dərin tarixi, dini və mədəni ortaq köklərə malik olan dost, qardaş və qonşu iki ölkə və iki xalq arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub. Bu məqam iki ölkə xalqları arasında mövcud olan sarsılmaz tarixi bağların və qardaşlıq münasibətlərinin bariz təzahürü kimi qiymətləndirilə bilər.
İran rəsmisi əlavə edib ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, eyni zamanda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Azərbaycan tərəfdən həmsədri olan Şahin Mustafayevin Bakı şəhərində İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə iştirakı və məzmunlu çıxışı da qarşıdakı illərdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində hər iki ölkənin ciddi siyasi iradəyə malik olduğunu açıq şəkildə nümayiş etdirib.
"Qeyd etmək yerinə düşər ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasına etdiyi tarixi səfər iki ölkə münasibətlərində yeni bir mərhələnin əsasını qoyub. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanatın imzalanması, habelə siyasi məsləhətləşmələr, nəqliyyat əməkdaşlığı, mədəni mübadilələr, səhiyyə, media, investisiya və ticarət sahələrini əhatə edən 7 mühüm sazişin imzalanması, eləcə də Araz çayı üzərində yerləşən Kəlalə-Ağbənd avtomobil körpüsünün tamamlanması və istismara verilməsinin sürətləndirilməsi ilə bağlı razılaşmalar son illərdə ikitərəfli münasibətlərin inkişafına yönəlmiş yeni və müsbət yanaşmanın mühüm göstəricilərindən biri hesab olunur".
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətini qəbul edərək Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət başçılarının 17-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə 2025-ci ildə ikinci dəfə Azərbaycana səfər etməsi isə iki ölkə rəhbərlərinin münasibətlərin yaxınlaşması istiqamətində qətiyyətli iradəyə malik olduqlarını aydın şəkildə ortaya qoyur", - deyə o bildirib.
Cabbari sonda qeyd edib ki, yaxın günlərdə Bakıda keçirilməsi planlaşdırılan İran-Azərbaycan 17-ci Birgə İqtisadi Komissiyasının iclası iki dost və qardaş ölkə arasında iqtisadi, ticarət və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsinə yeni impuls verəcək.







