Şuşa. TurrkicWorld:
Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş xüsusi poçt markası təqdim olunub.
TurrkicWorld xəbər verir ki, Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir. Toplantıda Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş xüsusi poçt markası da təqdim olunub.
Qeyd edək ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəlib, hava limanı ilə yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya çatıblar.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.
Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək. Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.
Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil olunur.