Xocalı cinayətinə görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsini gözləyirik - Yalçın Topçu (VİDEO)

Xocalı cinayətinə görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsini gözləyirik - Yalçın Topçu (VİDEO)

Xocalı cinayətinə görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsini gözləyirik.

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu vurğulayıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə rəsmi məlumatlara əsasən, Xocalıda 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla 613 Azərbaycan türkünə qarşı soyqırım tətbiq edib.

"Bəşəriyyətə qarşı işlənmiş bu cinayətdən 487 nəfər ağır yaralı vəziyyətdə xilas olsa da, əsir alınan 1 275 nəfərin 150-dən bugünədək heç bir xəbər alınmayıb. Erməni diasporunun dəstəklədiyi ASALA terror təşkilatının qatilləri ilə birgə Ermənistan rəhbərliyinin Azərbaycan türklərinə qarşı beynəlxalq hüquq normalarını tapdalayaraq soyqırım cinayətini həyata keçirdiyi yerin adıdır Xocalı! ", - deyə o bildirib.

Y.Topçu, həmçinin o hadisələrdən sonra Ermənistanın sabiq prezidenti o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyanın verdiyi müsahibəni xatırladıb: "Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdi: "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq". Və bu cür qandondurucu açıqlamaya bütün dünya, BMT Təhlükəsizlik Şurası da susqun qalmışdı", - o deyib.

"20-ci əsrdə Ermənistan rəhbərliyinin əmri ilə soyqırım cinayətinin işləndiyi, 9 yaşlı yaralı qızın yanan ocağa atıldığı Xocalını unutmayacağıq, unutdurmayacağıq! Bəşəriyyətə qarşı işlənmiş bu cinayətə görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsini gözləyirik, şəhidlərimizi rəhmətlə anırıq", - Y.Topçu əlavə edib.