Fransa regionda yaranmış yeni reallığı qəbul edir

Fransa regionda yaranmış yeni reallığı qəbul edir

Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Növbəti dəfə beynəlxalq səviyyəli görüşdə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadələr yer almadı. Digər bir önəmli məqam isə Fransa bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında da Minsk Qrupuna istinad yer almadı.

Məsələ ilə bağlı TurkicWorld-un suallarını cavablandıran Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, dünən Brüssel görüşünün nəticələrinin alqışlanması və bu görüşün davamı olaraq Azərbaycan-Ermənistan arasında dialoqun davam etdirilməsinin vurğulanması, eyni zamanda, Soçi və Moskva görüşlərinin xatırlanması bir daha onu göstərir ki, danışıqlar Azərbaycanın istədiyi istqamətdə davam etməkdədir.

“11 yanvar Moskva görüşündən sonra Azərbaycanın tələbi ondan ibarət idi ki, tez bir zamanda Zəngəzur dəhlizinin açılması məsələsi gündəlikdə olmalıdır, eyni zamanda, demarkasiya, delimitasiya prosesi və minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir. Minalanmış ərazilərin xəritələrinin bir qismi Azərbaycana verilsə də və eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edilsə də, görünən odur ki, hələ də demarkasiya və delimitasiya prosesində Paşinyan qərar qəbul etməyib. Amma bu görüşün baş tutması və görüşdə Dağlıq Qarabağ, status və Minsk qrupu ifadəsindən istifadə edilməmisi Azərbaycanın uğurudur. 4 fevral görüşündə Ermənistanın heç bir maraq və istəyi Şarl Mişel və Fransa Prezindeti Makron tərəfindən dilə gətirilmədi. Bu, özü-özlüyündə Fransa prezidentinin də yeni reallığı qəbul etməsi ilə bağlıdır’, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, son zamanlar Qərbin Azərbaycana artan maraqlarının şahidi oluruq. Dünən Avropa İttifaqı tərəfindən Azərbaycan Prezidentinin tələbinə uyğun olaraq 2 milyard avronun Azərbaycana verilməsi ilə bağlı qərarın qəbul edilməsi də Ermənistan tərəfindən təsadüfü deyil ki, çox böyük narahatlıqla qarşılandı.

“Çünki bundan əvvəl Azərbaycana 150 milyon avronun, Ermənistana isə 2 milyard 600 milyonun verilməsindən söhbət gedirdi. Lakin cənab Prezident İlham Əliyevin Şarl Mişel qarşısında bu məsələni prinsipial olaraq qaldırması dünən öz nəticəsini verdi. Hər bir halda, Avropa İttifaqı istər ABŞ, istərsə də Rusiya arasında artan geosiyasi çəkişmə kontekstində Azərbaycanın geosiyası çəkisi artmaqdadır”, - deyə Z.Məmmədov əlavə edib.

Politoloq İlyas Hüseynov da TurkicWorld-un sualına cavabında qeyd edib ki, ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirlən görüşün mühüm əhəmiyyəti var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, görüş videoformatda keçirilib və bu da onu deməyə əsas verir ki, hazırda tərəflərin gərgin iş qrafikini nəzərə alaraq, müasir texnologiyalardan istifadə etməklə təmasların davam etdirilməsi ilə bağlı ortaq rəy var.

“Digər tərəfdən, artıq uzun müddətdir ki, keçirilmiş görüşlərdə Dağlıq Qarabağ, Minsk qrupu kimi ifadələr səsləndirilimir. Bu da milli maraqlarımız konteksində baş verən proseslərdir. Eyni zamanda, Fransa ATƏT-in Minsk Qrupu həmsədri kimi də bu reallığı qəbul edir. Fransa bu görüşdə həmsədr kimi deyil, məhz Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Şarl Mişelin də tərəflər arasında etimadın və siyasi dialoqun davam etdirilməsi istiqamətində bir sıra uğurlu təşəbbüsləri var və bu görüşü biz ümumilikdə Brüsseldə təsbit olunmuş sülh gündəliyinin davamı kimi qeyd edə bilərik. Avropa İttifaqının Azərbaycana marağı günü-gündən artır və bu, enerji təhülkəsizliyi ilə bağlı komponenti özündə ehtiva edir. Gülüstan Sarayında keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin növbəti iclası da bunun əyani təzahürüdür. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm paya sahibdir”, - deyə o qeyd edib.

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması vasitəsilə avtomobil və dəmir yolunun bərpa olunması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, eyni zamanda da Azərbaycana minalanmış ərazilərin təmizlənməsində yardım göstərilməsi bu gün Avropa İttifaqının siyasi gündəliyində duran məsələdir.

“Çünki bölgədəki sülhün və təhlükəsizliyin təmin olunması, həm də Avropa üçün uzun illərdir karbohidrogen ehtiyatlara olan asılılığın aradan qaldırılması mənasına gəlir. Avropa İttifaqında olan siyasi ekspertlər bu amilə diqqət yetirir və bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına çalışır”, - deyə İ.Hüseynov əlavə edib.