Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)

Bakı, TurkicWorld:

Azərbaycanın güclü orduya malik olması bir şərtdir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, 26 iyun Silahlı Qüvvələr günü Azərbaycan tarixi üçün çox böyük əhəmiyyət kəsb edir.

“Bu tarix cümhuriyyət dövrünü əhatə edir. 1991-ci ildə ölkəmizin təhlükəsizliyi çox böyük sınaqlardan keçdi. Bu zamanlarda ordu quruculuğu məsələsinə xüsusi diqqət ayrılmalı idi.Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təhlükəsizliyin təmin olunması, torpaqlarımızın işğaldan azad olunması ən böyük prioritet təşkil edən məsələlərdən biri idi”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Ümumilli lider Heydər Əliyevin Azərbaycanda ilk hakimiyyəti dövründə Naxçıvanski məktəbinin təsis olunması və onların kursantlarının biliyi, təcrübəsi ordu quruculuğunda mühüm rol oynadı.

“Davamlı olaraq Azərbaycan iqtisadiyyatının genişləndirilməsi ilə orduya ayrılan vəsait artırıldı və Azərbaycan ordusu müasir standartlar səviyyəsinə yüksəldi. Bölgənin geosiyasi özəlliklərini nəzərə alaraq Azərbaycanın güclü orduya malik olması bir şərtdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun gücləndirilməsi naminə xarici partnyorlarla əlaqələri daha da genişləndirdi, Azərbaycanın hərbi tərəfdaşlarının və müttəfiqlərinin sayı daha da artdı”,- deyə o vurğulayıb.

Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun peşəkarlığını, təcrübəsini və uğurlarını gördük.

“Erməni əsarətində olan torpaqlarımız güclü ordumuz sayəsində işğaldan azad olundu və biz tarixi qələbə qazandıq. Azərbaycanın iki yüz illik tarixində bu həcmdə qələbə qazanılmamışdı və bu zəfərimizdə Azərbaycan ordusunun müsbət keyfiyyətləri üzə çıxdı. Əsgərlərimiz, zabitlərimiz böyük qəhrəmanlıq və rəşadət nümayiş etdirdi. Ordumuz bizim fəxrimizdir, qürurumuzdur. Biz ordumuza güvənərək ölkəmizin təhlükəsiziliyinin təmin olunduğunu böyük şövqlə qeyd edirik. Bütün dünya azərbaycanlıları ordumuzla fəxr edir”,- deyə İlyas Hüseynov söyləyib.

Mehriban Xəlilli
@MXalilbakova