Bakı, TurkicWorld
Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar.
TurkicWorld xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycanda da öz növbəsində ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:
"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.