Bakı, TurkicWorld
Azərbaycanın dəvəti ilə parlament seçkilərini müşahidə etdik.
TurkicWorld xəbər verir ki, bunu Türk Parlament Asambleyasının nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci deyib.
Onun sözlərinə görə, TürkPA üzv ölkələr arasında əlaqələri gücləndirmək üçün çalışmaqdadır.
"2010-cu ildən TürkPA nümayəndə heyəti seçkilərdə müşahidələr aparır. Azərbaycanda seçkilər Konstitusiyaya uyğun formada, demokratik, beynəlxalq hüquqa uyğun şəkildə keçirildi. Namizədlərə bərabər şərait yaradılmışdı. Bu seçkilər bütöv Azərbaycanda ilk parlament seçkiləri olaraq tarixə düşdü".
A.Zenbilci qeyd edib ki, TürkPA beynəlxalq müşahidə missiyası olaraq bir sıra görüşlər keçirdi.
"Seçkilərə hazırlıq, qaydaların hazırlanması, seçki prosesi, şikayətlərin cavablandırılması barədə ətraflı məlumat almışıq. Missiyamız Bakı, Şamaxı və Qobustanda keçirilən seçkləri müşahidə edib. Nümayəndə heyətimiz Azərbaycanda keçirilən parlament seçkilərinin demokatik dəyərlərə, beynəlxalq hüquqa uyğun şəkildə keçirildiyi qənaətinə gəlib".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.