Bakı, TurkicWorld
Son illərdə Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan-Pakistan əlaqələri yüsək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Pakistana səfəri zamanı imzalanmış sazişlər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında yeni imkanlar açır.
Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri tarixi köklərə əsaslanır.
"Son illərdə bu əlaqələr daha da inkişaf edib və müxtəlif sahələrdə genişlənib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ilin dekabrında Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklər təsis edib. Bu, iki ölkə arasında diplomatik münasibətlərin rəsmi başlanğıcı olub.
"Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini hər zaman dəstəkləyib. Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. İkinci Qarabağ müharibəsi zamanı Pakistanın siyasi dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində Pakistanı birmənalı şəkildə dəstəkləyir. Kəşmir məsələsi beynəlxalq hüququn tələblərinə uyğun olaraq qorunmalıdır və bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri diqqətə alınmalıdır", - deyə S.Mikayılova əlavə edib.
Deputat onu da vurğulayıb ki, mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələr arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir.
"Bu baxımdan, Astanada "ŞƏT plyus" formatında görüş çərçivəsində iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi artıq qurulub" - deyə S.Mikayılova qeyd edib.
S.Mikayılova bildirib ki, son illərdə Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq da inkişaf edib.
"Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və digər sahələrdə layihələr müzakirə olunub və ilkin sərmayə həcmi təxminən iki milyard dollar olaraq qiymətləndirilir. 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı və informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu kimi bir sıra mühüm sənədlər imzalanıb.
İki ölkə arasında imzalanan çoxsaylı anlaşmalar bu münasibətlərin daha da möhkəmlənəcəyini və gələcəkdə yeni uğurlara imza atacağını göstərir. Bu sənədlər, gələcəkdə ticarət və sərmayələrin daha da artmasına və əməkdaşlığın şaxələnməsinə şərait yaradacaq. Qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli əlaqələr vasitəsilə hər iki ölkənin inkişafına və beynəlxalq arenada mövqelərinin güclənməsinə töhfə verir", - deyə S.Mikayılova qeyd edib.