Son dəqiqə

Sevil Mikayılova

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi zəfərimiz gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaq

Bakı, TurkicWorld

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun tarixi qələbəsi ilə işğaldan azad edilən Şuşa, Azərbaycan xalqının milli iradəsinin və qəhrəmanlığının simvoluna çevrildi. Qarabağın döyünən qəlbi olan bu qədim şəhərin azadlığı yalnız strateji əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan xalqı üçün mənəvi bir qələbə, milli qürurun təntənəsi kimi yaddaşlara həkk olundu.

44 gün davam edən Vətən müharibəsi boyunca Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük iradə və peşəkarlıqla irəliləyərək nəhayət Şuşaya çatdı. Çətin relyef, düşmənin əlverişli mövqedə yerləşməsi və tanklarla silahlanması Azərbaycan Ordusunun üzərinə xüsusi peşəkarlıq və cəsarət tələbləri qoydu. Azərbaycan əsgərlərinin bu çətin şəraitdə göstərdiyi qəhrəmanlıq, Şuşanın azad edilməsi əməliyyatını Qarabağ Zəfərinin zirvəsinə çevirdi. Şuşa döyüşü həm də göstərdi ki, güclü əzm və birliklə mümkünsüz görünən hədəflərə çatmaq olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 8 noyabr Zəfər Günü elan edilərək tarixin yaddaşında əbədi iz buraxdı. Şuşa şəhərində Ali Baş Komandan tərəfindən Azərbaycanın üçrəngli bayrağının ucaldılması yalnız hərbi qələbə deyil, eyni zamanda milli birlik və milli qürur günü kimi qeyd olundu. Prezident İlham Əliyev bu günü "Azərbaycanın şanlı tarixi" kimi xarakterizə edərək, Şuşanın azadlığını xalqın qürur mənbəyi kimi təqdim etdi. Zəfər Günü artıq hər il Azərbaycanın ən vacib dövlət bayramlarından biri olaraq qeyd edilir.

Şuşa döyüşünün qələbəsi Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl üzərində qurulmuş güclü və müstəqil Azərbaycan dövlətinin göstəricisi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi sahələrdə gücünü artırdı və ölkəmiz BMT Təhlükəsizlik Şurasının 27 il boyunca yerinə yetirilməmiş qətnamələrini öz gücü ilə icra etdi. Ulu Öndərin müəyyən etdiyi müstəqillik və suverenlik yolunu davam etdirən Azərbaycan, regionda və beynəlxalq səviyyədə gücünü göstərdi.

Qələbədən sonra Şuşa yalnız Azərbaycanın deyil, həm də türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Şəhərdə Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi şəxsiyyətlərin büstləri bərpa edilərək əvvəlki yerlərinə qoyuldu. Şuşa Azərbaycan mədəniyyətinin simvolu olmaqla yanaşı, dünya miqyasında da böyük əhəmiyyət kəsb edir. Şuşada turizm və infrastruktur layihələri həyata keçirilir, yeni hotellər və konqres mərkəzləri fəaliyyətə başlayır ki, bu da şəhərin beynəlxalq mədəniyyət paytaxtı statusunu möhkəmləndirir.

İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbə deyil, həm də milli birliyin, xalqın öz lideri ətrafında möhkəm dayanmasının parlaq nümunəsi oldu. 44 gün ərzində Azərbaycan xalqı və Ordusu düşmən qarşısında bir addım belə geri çəkilmədən mübarizəyə davam etdi. Şuşanın azad edilməsi ilə 30 illik işğala son qoyularaq Azərbaycanın torpaqları öz əzəli sahiblərinə qaytarıldı.

2023-cü ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejim tamamilə aradan qaldırıldı və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu addım Ali Baş Komandan, Prezident İlham Əliyevin "dəmir yumruq" ifadəsinin real həyatda təzahürü olaraq, dövlətin qətiyyətini və gücünü bir daha nümayiş etdirdi. Həmçinin, bu addım Azərbaycanın sərhədlərinin tam olaraq bərpasını təmin etdi və regionda sabitliyin bərpasına töhfə verdi.

Bu qələbə gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaqdır. Şuşanın bərpası Azərbaycanın mədəniyyət paytaxtı olaraq dünya miqyasında əhəmiyyətini artırır və gələcək illərdə inkişafını davam etdirərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün addımlar atılır. Azərbaycan xalqı üçün Şuşa və Zəfər Günü həm keçmişin qürurunu yaşadan, həm də gələcəyin parlaq hədəflərinə gedən yolda ruh yüksəkliyi verən mühüm bir tarix olaraq əbədi qalacaqdır.

Sevil Mikayılova,

Milli Məclisin deputatı

Mövzuya görə xəbərlər