Bakı, TurkicWorld
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti dayanır. Xalqımız hər zaman bu qələbəyə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı.
Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, xalqın etimadını doğrultdu, torpaqlarımızın işğaldan azad edilməsi kimi qarşısına qoyduğu bir nömrəli vəzifəni uğurla yerinə yetirərək, ölkəmizin hər bir guşəsində üçrəngli bayrağımızın dalğalanmasına nail oldu.
"Cənab Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi zəfərimizin daha bir təntənəsi idi. Bu tarix Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq mühüm bir hadisədir və bu hadisə hər zaman qürurla xatırlanacaq", - deyə deputat bildirib.
S.Mikayılova qeyd edib ki, bu qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsidir.
"Bu qələbə uzun illər aparılan məqsədyönlü daxili və siyasətin, beynəlxalq müstəvidə həyata keçirilən doğru strategiyanın, gənclərin vətənpərvər ruhda yetişdirilməsi, ordu quruculuğu və iqtisadi sahədə reallaşdırılan davamlı islahatların nəticəsində mümkün oldu. Bu illər ərzində Azərbaycan bütün sahələrdə inkişaf etdi, beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrildi, güclü ordu qurmağa nail oldu.
Ölkəmizin iqtisadi sahədə əldə etdiyi naliyyətlər xüsusilə ordu quruculuğu sahəsində geniş islahatların aparılmasına, ordumuzun peşəkarlığının artırılmasına və müasir silahlarla təchiz olunmasına imkan verdi. Nəticədə Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil olmağı bacardı", - deyə deputat qeyd edib.
S.Mikayılova deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll etməyə çalışırdı və uzun illər danışıqlar prosesində iştirak edərək münaqişənin dinc yolla həll edilməsinə kifayət qədər zəmin yaratdı.
"Lakin əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun qərəzli siyasəti, işğalçını dəstəkləməsi, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəinki münaqişənin həll edilməsinə imkan verdi, əksinə, danışıqlar prosesini dalana dirədi, bütün gözləntiləri boşa çıxardı, xalqın etimadını itirdi. Təbii ki, Azərbaycan heç vaxt öz ərazilərinin qeyri-müəyyən vaxtda işğal altında qalmasına razı ola bilməzdi.
Azərbaycan danışıqlar prosesində iştirak etməklə yanaşı, münaqişənin hərbi yolla həllini də istisna etmirdi və bunu hər zaman bəyan edirdi. Lakin əfsuslar olsun ki, nə Minsk qrupu, nə də Ermənistan qeyri-konstruktiv mövqelərindən geri çəkildi və Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxardı. Bütün bu proseslər münaqişənin hərbi yolla həllini zərurətə çevirdi və nəhayət, uzun sürən danışıqların səmərəsiz nəticələri, Ermənistanın ardıcıl təxribatları 44 günlük Vətən müharibəsinin başlamasını qaçılmaz etdi.
Azərbaycan hərbi gücdən və beynəlxalq qanunların, o cümlədən, BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş hüquqdan istifadə edərək, öz torpaqlarını erməni işğalından azad etdi. Azərbaycan ordusunun gücü qarşsında aciz qalan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur edildi.
Lakin Ermənistan öz xislətinə "sadiq" qalaraq üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən yayındı, qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmadı, əksinə, ardıcıl təxribatlara davam etməklə yanaşı, separatçılara dəstək göstərdi. Ermənistanın bu əməlləri 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərinin keçirilməsini zərurətə çevirdi. Bu tədbirlər nəticəsində Azərbaycan bütün suveren ərazilərində nəzarəti bərpa edərək, separatçılığın kökünü kəsdi, Vətən müharibəsində əldə olunan tarixi Zəfəri sona çatdırdı.
Bu gün Azərbaycanın bütün guşələrində üçrəngli bayrağımız qürurla dalğalanır, Azərbaycan azad edilmiş ərazilərimizi öz gücü hesabına sürətlə bərpa edir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Həmin ərazilər yenidən dirçəlir və dünyanın ən gözəl diyarlarından birinə çevrilir", - deyə deputat əlavə edib.