Bakı. TurkicWorld
Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük.
TurkicWorld xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Hədəf" verilişində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları məktub adekvatdır.
"Əsaslandırmalar öz yerində, amma rəsmi Vaşinqtonun son dövrlərdə Azərbaycana qarşı qərəzli, təktərəfli siyasəti və Azərbaycana qarşı hədələr, okeanın o biri tərəfindən kifayət qədər əsassız ittihamlarla dolu bəyanatlarının cavabı olaraq, qərara gəldik ki, biz belə bir müraciət edək. Madam ki, ABŞ Azərbaycanla əməkdaşlıq kursunu fərqli bir istiqamətə yönləndirib, onda Azərbaycan tərəfi də bu əməkdaşlıq və qarşılıqlı münasibətlərə yenidən baxmalıdır", - deyə S.Mikayılova deyib.
Təxminən 60-a yaxın konqres üzvünün Entoni Blinkine müraciət edərək Azərbaycana qarşı sanksiyaların həyata keçirilməsini istədiklərini bildirən Sevil Mikayılova qeyd edib ki, bu artıq siyasi sinizmin ən yüksək səviyyəsidir.
"Biz müstəqilliyimizi bərpa etdikdən sonra ABŞ ilə kifayət qədər konstruktiv münasibətlər qurmağa çalışdıq. Gəlin ilk illərə qayıdaq. 1992-ci illər, hansı ki, Azərbaycan yenicə öz müstəqilliyini Sovetlər İmperiyasından qazandı. Bu o Sovetlər İmperiyası idi ki, düz 70 il ABŞ ilə soyuq müharibə şəraitində idi və Azərbaycanda onun daxilində idi. Belə bir şəraitdə Azərbaycan 1992-ci ildə Sovetlər İmperiyasından ayrılanda digər respublikalardan fərqli olaraq, böyük bir problem ilə ayrıldı. Qarabağ münaqişəsi ortada idi və ərazilərimiz işğal olunmuşdu. Amma işğal faktına baxmayaraq, yenə də sinik, iküzlü şəkildə ABŞ Azərbaycana qarşı 907-ci Azadlığa dəstək haqqında akta əlavəni qəbul etdi. Düşünürük ki, bu elə həmin dövr üçün də kifayət qədər ədalətsiz qərar idi. Amma biz yenə də buna baxmayaraq, 1997-ci ildən bəri əməkdaşlığı irəliyə apardıq və bundan əvvəl biz 1994-cü ildə Əsrin müqaviləsini imzalayanda ABŞ-nin neft şirkətlərini də buraya dəvət etdik ki, onlarla iqtisadi sahədə əməkdaşlıq edək. Çünki düşünürdük ki, iqtisadi əməkdaşlığımız digər əməkdaşlıqlar üçün də kifayət qədər platforma formalaşdırır", - deyə S.Mikayılova bildirib.
Sevil Mikayılova qeyd edib ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir.
"Cənuni Qafqazda qonşularımıza baxsaq, yuxarıdan Rusiya Federasiyası, aşağıdan İran, bunlar hər ikisi ABŞ-nin ənənəvi siyasi düşmənləridir. Buna baxmayaraq, Azərbaycan belə bir şəraitdə öz ərazisini Əfqanıstanda aparılan humanitar missiyadan istifadə etmək üçün də təklif etdi. Belə bir səmimi, ədalətli yanaşmadan sonra indi ABŞ təktərəfli qaydada Ermənistanı dəstəkləyir. Bu gün Ağ Evin sözçüsü Ceyms O’Brayan gizlətmir ki, ABŞ Ermənistan və Azərbaycanı Moskvanın təsirindən qorumağa çalışır. Bu təsirindən qorumaq deyil, əksinə təsir altına salmaq deməkdir. Siz əgər Azərbaycan və Ermənistanın müstəqilliyi üçün mübarizə aparırsınızsa, tamamilə fərqli bir yanaşma nümayiş etdirməlisiniz. Bu dövlətlərə təzyiq yox, əksinə dəstək ifadə etməli idiniz. Amma son müraciət, ümumilikdə isə Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə biz artıq təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük", - deyə S.Mikayılova əlavə edib.