Qazax. TurkicWorld:
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının təmin edilib.
TurkicWorld xəbər verir ki, nəticədə bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatında deyilir.
TurkicWorld-in həmin bölgəyə ezam olunmuş xüsusi müxbiri 34 il sonra bir güllə belə atılmadan azad edilən 4 kəndində də DSX-nın (Dövlət Sərhəd Xidməti) hərbi qulluqçuları Azərbaycanın dövlət bayrağını ucaldıblar.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.