Bakı. TurkicWorld:
Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın nəzarəti altında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı, bir güllə atılmadan növbəti tarixi qələbə qazanıldı.
Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı vasitəçisiz birbaşa diplomatik təmaslar müsbət nəticə verdi:
"Azərbaycan tərəfi əvvəldən birbaşa təmasların ən effektiv vasitə olduğunu bildirmişdi. 2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat Azərbaycan diplomatiyasının uğurudur.
Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində 90-cı illərin əvvəllərindən Ermənistanın işğalı altında olan Qazaxın 4 kəndi bir güllə də atılmadan, qan tökülmədən Azərbaycana qaytarıldı.
Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparılırdı. Bu gün qətiyyət və əzmkarlıqla aparılan işin, bəhs edilən prosesin məntiqi sonunu görürük.
2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edilmişdi, eləcə də, əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndləri eyni formada azad edildi. Delimitasiya prosesinin ilk addımı atıldı və məhz Qazax istiqamətindən bu məsələyə başlanılması təsadüfi xarakter daşımırdı", - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova vurğulayıb ki, ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, ciddi nəticələr mümkündür.
"Ötən dövr ərzində Azərbaycan beynəlxalq qüvvələrin danışıqlara qərəzli müdaxilələrini neytrallaşdırmağı bacardı. Proseslərin gedişatı onu göstərdi ki, tərəflər vasitəçi olmadan sülhün əldə edilməsi istiqamətində ciddi nəticələrə imza ata bilərlər. Ermənistan sivil qaydada davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin oluna bilər".
Deputat bildirib ki, uzun müddətdir Qərbin tirajladığı müharibə açıqlamaları da cəfəngiyyatdır:
"Bu yolla həmin qüvvələr, əslində, Ermənistanı qorxu altında saxlayaraq, tam şəkildə öz iradəsinə tabe etdirmək siyasəti güdürdülər.
Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq, Azərbaycanın taleyi ilə bağlı qurulan bütün ssenariləri alt-üst etdi. Bu gün bütün beynəlxalq güclər Azərbaycanla hesablaşmağa məcburdur. Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycanın iradəsindən kənar regionda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür".