ADA Universitetinin İxtisasartırma Proqramları 5 oktyabr-7 dekabr tarixlərində təşkil etdiyi “Xarici Siyasət Proqramı”nı uğurla yekunlaşdırıb. Dekabrın 9-u keçirilən bağlanış tədbiri Proqram məzunlarını bir araya gətirib.
ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva məzunları təbrik edərək “Xarici Siyasət Proqramı”nın illik fəaliyyət yekunlarına dair məlumat verib. Aygün Hacıyeva qeyd edib ki, Proqram Universitetin idarəetmə, eləcə də professor-müəllim heyətini təmsil edən 20-dək peşəkar mütəxəssisin səy və dəstəyi nəticəsində ərsəyə gəlib. Prorektor müavini vurğulayıb ki, dövlət və özəl sektorda fəaliyyət göstərən yüksək səlahiyyətli rəsmilərin tədris etdiyi Proqram iştirakçıların peşəkar fəaliyyətini təkmilləşdirir.
Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov Proqramın uğurla təşkilinə görə ADA Universiteti komandasına minnətdarlığını bildirib, iştirakçıların rəylərini dinləyərək, onlarla öz tövsiyələrini bölüşüb.
Proqramda Xarici İşlər, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə hallar, Mədəniyyət və Energetika Nazirliklərinin, eləcə də xaricdə fəaliyyət göstərən 24 diplomatik korpus və nümayəndəliyimizin 105 yüksəkrütbəli diplomatları, orta vəzifəli əməkdaşları və gənc dövlət qulluqçuları iştirak ediblər. Həmin iştirakçılardan 36-sı Azərbaycanı xaricdə təmsil etdiyindən mühazirələrə onlayn formatda qoşulublar.
Proqram ərzində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Energetika nazirinin müavini Elnur Soltanov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mühazirələrlə çıxış ediblər.
Proqrama qoşulan peşəkarlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun, BMT-nin Rezident Əlaqələndiricisinin ofisində (Azərbaycan) Əlaqələndirmə üzrə Müşavir Şəms Mustafayevanın mühazirələrində iştirak ediblər. Onlar ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadənin, Universitetin Azərbaycandakı Fondunun prezidenti Natiq Hacıyevin mühazirələrini dinləyiblər.
ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər, eləcə də İqtisadiyyat fakültələrinin dekan və müəllimləri tədris müddəti ərzində iştirakçıları zəruri olan bilik və bacarıqlarla təmin ediblər. Xarici ekspertlərdən isə ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Birgə Araşdırmaları Proqramı Mərkəzinin eksperti Svante Kornel, Corctaun Universitetinin professoru Brenda Şaffer Proqramın tədrisində iştirak ediblər.
Proqramda diplomatik protokol, Azərbaycanın qlobal arenadakı rolu, iqtisadi və enerji məsələləri, media ilə münasibətlər, ictimai diplomatiya, beynəlxalq humanitar hüquq barədə mövzular əhatə olunub, ikinci Qarabağ münaqişəsinin regiona təsirləri xüsusilə təhlil edilib. Bununla yanaşı, iştirakçılara kommunikasiya və natiqlik bacarıqları, peşəkar müstəvidə danışıqların aparılması üzrə praktik bacarıqlar da ötürülüb.
Beynəlxalq humanitar hüquq üzrə keçirilən mühazirələr çərçivəsində birinci və ikinci Qarabağ müharibələri zamanı Ermənistanın törətdiyi cinayətlər beynəlxalq hüququn norma və prinsipləri kontekstindən analiz edilib.
Qeyd edək ki, 2007-ci ildən etibarən təşkil edilən “Xarici Siyasət Proqramı”ndan indiyədək 1833 yerli diplomat və dövlət məmuru məzun olub.