Bakı. TurkicWorld:
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi və tərəflər arasında davamlı dialoqun mövcudluğu məmnunluqla qeyd edilib.
Milli Məclisin sədri ötən ilin dekabr ayında Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO rəhbəri ilə görüşünü məmnunluqla xatırlayaraq, ölkəmizin bu təşkilata və İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin fəal üzvüdür. Ölkəmiz üzv dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, hər zaman ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsinə səy göstərir.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan ICESCO ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığa xüsusi önəm verir.
Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) konfransının əhəmiyyəti və aparılan müzakirələrin aktuallığı vurğulanıb. QHPŞ-də İCESCO-ya müşahidəçi statusunun verilməsinin tərəflər arasında əməkdaşlığa töhfə verəcəyi bildirilib.
Söhbət zamanı Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə ölkəmizə səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.
Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib.
O, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunmasına görə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla bu beynəlxalq təşkilat arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.