Razılaşma var - Paşinyandan azaraq sərhədi keçmiş azərbaycanlı əsgərin təhvil verilməsi bağlı açıqlama

Razılaşma var - Paşinyandan azaraq sərhədi keçmiş azərbaycanlı əsgərin təhvil verilməsi bağlı açıqlama

Bakı. TurkicWorld:

Bakı və İrəvan arasında azaraq sərhədi keçmiş hərbçilərin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılaşma mövcuddur.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan bu yaxında Laçın rayonu ərazisində azaraq Ermənistan tərəfə keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun Azərbaycana qaytarılmasını şərh edərkən deyib.

O, bildirib ki, Azərbaycan əsgərinə qarşı cinayət işi açılsa da, sonradan araşdırma aparılıb və Ruslan Pənahovun həqiqətən azaraq sərhədi keçdiyini təsdiqləyən dəlillər toplanıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirmişdi.

Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılsa da, sonradan İrəvan Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsinə qərar verib.