Bakı. TurkicWorld:
AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı addımını şiddətlə qınayırıq.
TurkicWorld xəbər verir ki, bunu mətbuat konfransı zamanı Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
"Avropa İttifaqının bir çox təşkilatı Azərbaycan və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirirlər. Ən son AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı atdığı addımı Azərbaycan-Türkiyə dostluq qrupu olaraq şiddətlə qınayırıq", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan bundan sonra da inkişaf edəcək, yeni nailiyyətlər qazanacaq.
"Bu regionda uzun zaman ancaq qan tökülüb, göz yaşı tökülüb. Artıq bundan sonra hörmətli Prezident İlham Əliyev xalqından aldığı dəstəklə ölkəsini növbəti uğurlara aparacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.