BAKI,TurkicWorld
Uluslararası Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyi tərəfindən Ramazan ayı münasibətilə “Birlik və Qardaşlıq” adlı ənənəvi iftar proqramı təşkil olunub.
TurkicWorld xəbər verir ki, artıq ənənə halını alan və sayca dördüncü dəfə keçirilən proqramda dövlət və ictimai qurumların nümayəndələri, diplomatik korpus üzvləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən 1000-ə yaxın qonaq iştirak edib.
Tədbir Quran tilavəti və azanın səsləndirilməsi ilə başlayıb, daha sonra proqramın rəsmi açılış mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən UID Azərbaycan rəhbəri Cengiz Aygör tədbirin məqsədi və əhəmiyyətindən danışaraq bildirib ki, “Birlik və Qardaşlıq” iftar proqramı Ramazan ayının mənəvi dəyərlərinin paylaşılması ilə yanaşı, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən mühüm platformadır.
Tədbirdə çıxış edən UID Baş Ofisinin sədr müavini Mehmet Akkoç qurumun beynəlxalq fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, bu cür görüşlər ölkələr arasında sosial və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.
Türkiyə–Azərbaycan Dostluq Qrupu sədri, İstanbul millət vəkili Şamil Ayrım isə çıxışında iki qardaş ölkə arasında strateji münasibətlərin əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Ramazan ayının mənəvi dəyərlərindən danışaraq bu müqəddəs ayın insanları bir araya gətirən, paylaşma və həmrəylik ruhunu gücləndirən xüsusi dövr olduğunu vurğulayıb.
Proqramda Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkilləri, diplomatik korpus nümayəndələri, səfirlik əməkdaşları, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən tanınmış şəxslər iştirak ediblər.
Səmimi və dostluq mühitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı ünsiyyət, əməkdaşlıq və mənəvi dəyərlərin paylaşılması üçün geniş imkan yaradıb.







