Braziliyalı senator ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanmasının mümkünlüyünü bildirib

Braziliyalı senator ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanmasının mümkünlüyünü bildirib

Azərbaycan-Braziliya Parlamentlərarası Dostluq Qrupunun sədri senator Antonio Anastasiya Braziliyanın Federal Senatında bir həftə öncə Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.

Azərbaycanın Braziliyadakı Səfirliyindən TurkicWorld-a verilən məlumata görə, senator Azərbaycana səfəri barədə məlumat verib, işğaldan azad olunan Qarabağ torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışıb. Qeyd olunub ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıdıb.

Senator öz çıxışında deyib: “Beləliklə, mən bu istinadı etmək istəyirəm, çünki Braziliya bu sahələrdə əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün imkanları da var. Əslində, Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açır. Paytaxt Bakıda hakimiyyət orqanları ilə, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə söhbət zamanı həmin ərazilərin bərpası və yenidən qurulması, müxtəlif əməkdaşlıqlar üçün imkanların açılması, xüsusən də bu sahədə əməkdaşlıq niyyəti çox aydın idi”.

Antonio Anastasiya söyləyib ki, Braziliya 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən, Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli cəhdlərində iştirak edib.

Senator əlavə edib ki, ölkəmizə səfər Azərbaycan hökumətinin dəvəti əsasında reallaşıb və səfər zamanı Gəncə və Ağdamda olub.

Qeyd edək ki, senatorun çıxışı həm Senatın radiosunda, həm də televiziyasında yayımlanıb.