AŞPA ona olan etimadın qalıqlarını da itirdi - Fransalı senator Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması barədə

AŞPA ona olan etimadın qalıqlarını da itirdi - Fransalı senator Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması barədə

Bakı. TurkicWorld:

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ona olan etimadın qalıqlarını da itirdi.

Bu barədə TurkicWorld-a özəl müsahibəsində fransalı senator Natali Qule AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya ab-havası nəticəsində Azərbaycan nümayəndə heyətinin bu strukturda qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarını şərh edərkən deyib.

"Bu gün Avropa üçün çox kədərli gündür və bu, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindan işğalı problemini həll edə bilməyən əksər Qərb "demokratiyaları"nın balanslaşdırılmamış siyasətinin nəticəsidir", - deyən fransalı senator Azərbaycanı ittiham etməyin Ermənistanı ittiham etməkdən asan olduğunu və bunun ədalətsiz olduğunu əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

"Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin, bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkirli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

Dünyada heç kim, o cümlədən, bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib", - bəyanatda deyilir.