Bakı.TurkicWorld:
Həm Avropa Şurası, həm də Avropa İttifaqı ermənipərəst siyasət yürüdürlər, xüsusən də Fransadakı erməni diasporu bu məsələdə fəaldır və bu yolla Fransa və Almaniyanın siyasi yanaşmasına təsir göstərib.
Bunu TurkicWorld-a açıqlamasında Türkiyənin Arıtürk & Partners beynəlxalq hüquq şirkətinin rəhbəri, hüquqşünas Zeki Arıtürk deyib.
O qeyd edib ki , Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qərar Almaniya nümayəndəsinin təşəbbüsü ilə AŞPA nümayəndələrinin fevralda keçiriləcək prezident seçkilərinə dəvət edilməməsi və onların nümayəndələrinin yenidən Laçın dəhlizinə buraxılmaması iddialarına görə qəbul edilib.
“AŞPA-nın qərarı, xüsusilə Azərbaycanı avtoritar rejim kimi təqdim etmək istəyi, Azərbaycanın beynəlxalq statusuna xələl gətirmək və Ermənistana haqq qazandırmaqdır. Erməni diasporu və xristian Avropa kimliyindən təəssüf ki, Azərbaycan və Türkiyəyə qarşı qərəz və siyasi silah kimi istifadə olunur, xüsusən də Azərbaycanda seçkilərin təzyiq altında keçirildiyi təəssüratı yaratmaqla seçkinin legitimliyini şübhə altına almaq hədəflənir”, -deyə o bildirib.
Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.