Son dəqiqə

Tural İsmayılov Azərbaycanda Prezident Seçkiləri - 2024

Azərbaycan artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir - Tural İsmayılov

Bakı. TurkicWorld:

Azərbaycan artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir.

Bu fikirləri TurkicWorld-a müsahibəsində politoloq Tural İsmayılov bildirib.

T.İsmayılov qeyd edib ki, Azərbaycan artıq qalib tərəf kimi regionda geniş şərtlər yaradır, yeni şərtləri diktə edən tərəfdir.

"Əlbəttə ki, qələbə qazanan bir ölkə kimi qalib diktəsi yaradan Azərbaycan artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir və nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra növbədənkənar prezident seçkiləri keçiriləcək.

İlham Əliyev 2018-ci il seçkilərində də qarşıdakı əsas hədəfləri elan edib, prezident seçildikdən sonra çox həssas və gərgin 2020-ci ildə - qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Daha sonra isə 2023-cü ildə Azərbaycan lokal antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. Bundan sonra artıq ölkədə yeni reallıqlar yaranıb", - deyə o əlavə edib.

Onun sözlərinə görə, ölkənin regionda yeni reallıqların formalaşmasında rolu artıb və müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində bu seçkilər keçiriləcək.

"Nəzərə almaq lazımdır ki, bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti deməkdir. Artıq torpaqları işğalda olmayan bir ölkədə prezident seçkiləri keçirilir. Prezident seçkiləri 2025-ci ildə olacaqdı. Ancaq dediyim kimi, artıq bu qələbədən sonra yeni reallıqlar formalaşıb, eyni zamanda, bu reallıqların fonunda idarəetmə modeli ilə bağlı islahatlar həyata keçirilir. Qarşıda dövlətimizin böyük hədəfləri var və bu kontekstdə növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq", - T.İsmayılov bildirib.

Mövzuya görə xəbərlər