Yəməndəki vəziyyət İran-ABŞ toqquşması ilə nəticələnməyəcək - Rufiz Hafizoğlu

Yəməndəki vəziyyət İran-ABŞ toqquşması ilə nəticələnməyəcək - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Yəməndəki vəziyyət İran-ABŞ toqquşması ilə nəticələnməyəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

"Husilərin Yəmənin siyasi-iqtisadi və ictimai həyatındakı rolu olduqca güclüdür, onlar Yəmən əhalisinin 40-42 faizini təşkil edirlər. Hal-hazırda mövcud olan prosesə gəldikdə isə husilərə qarşı keçirilən əməliyyatlar yeni deyil. Əslində, zaman-zaman Səudiyyə Ərəbistanının baççılıq etdiyi beynəlxalq koalisiya var idi, hansı ki, Türkiyə də bura daxil idi və bu koalisiya husilərə qarşı əməliyyatlar keçirirdi. Xüsusilə vurğulamaq istəyirəm ki, "Husilər" yazılır, deyilir, amma "İran"oxunur. Husilərin bölgədəki tək dəstəkçisi, şübhəsiz ki, İrandır. Husilər isə bölgədə təkcə İranın maraqlarına xidmət etmir, onların bu həddə gəlib çatmasında Qərbin da maraqları olub",- deyə siyasi şərhçi bildirib.

Rufiz Hafizoğlu vurğulayıb ki, ABŞ və beynəlxalq koalisiyanın, hansı ölkələr ki, bura dəstək verir onlar da başda olmaqla, Husilərin hərbi bazalarını vurmalarındakı məqsəd ondan ibarətdir ki, onlar Qırmızı dənizdə və Hind okeanında öz mövqelərini gücləndirsinlər.

"Qətiyyətlə deyə bilərik ki, İran və Qərb baş verən bütün bu proseslərə baxmayaraq, heç bir halda açıq mübarizəyə getməyəcəklər. Birbaşa müharibə baş tutmayacaq. Çünki necə deyərlər "Həm İran ABŞ-a, Həm də ABŞ İrana lazımdır". Bu gün Ərəb dünyasını təhdid altında saxlamaq və təzyiq göstərmək üçün İran ən gözəl vasitədir. Hindistan məsələsinə gəldikdə isə, onların Yaxın Şərqdə və hətta Qafqazda belə maraqları var. Hansı ki, onların Ermənistana dəstəyi bunun bariz nümunəsidir. Amma Hindistan nə Fələstinə, nə də İrana birbaşa təsir göstərə bilməz",- deyə politoloq əlavə edib.