Ermənistan-Azərbaycan delimitasiya komissiyasının sərhəddə görüşü noyabrın 30-da keçiriləcək - Azərbaycan XİN

Ermənistan-Azərbaycan delimitasiya komissiyasının sərhəddə görüşü noyabrın 30-da keçiriləcək - Azərbaycan XİN

Bakı. TurkicWorld:

Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

Bu barədə TurkicWorld -ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə "Ermənistan-Azərbaycan delimitasiya komissiyasının görüşü, ilkin razılaşmaya görə, noyabrın 30-da keçiriləcək", - deyə yazmışdı.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb:

"Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.

Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".