Müdafiə nazirinin müavinləri Gürcüstanda işgüzar səfərdədir

Müdafiə nazirinin müavinləri Gürcüstanda işgüzar səfərdədir

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirinin müavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirinin müavini cənab Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.