Beynəlxalq qurumlara və məhkəmələrə kütləvi məzarlıqlarla bağlı hesabatlar təqdim olunacaq

Beynəlxalq qurumlara və məhkəmələrə kütləvi məzarlıqlarla bağlı hesabatlar təqdim olunacaq

Bakı. TurkicWorld:

Dəvət olunmuş xarici ekspertlər öz bilik və bacarıqlarını buradakı dövlət qurumlarının nümayəndələri ilə bölüşəcəklər. Məlumdur ki, Azərbaycan bütün beynəlxalq hüquq, norma və prinsiplərə hörmətlə yanaşır, onlara hörmət edir. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük. Çünki ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

"Otuz ilə yaxın müddətdə biz bütün qurumlara müraciət etsək də, 4 minə yaxın soydaşımızın taleyi barədə məlumat ala bilməmişik. Onların arasında xeyli sayda qadın və uşaqlar var. İşğaldan azad olunan ərazilərimizdə kütləvi məzarlıqlar aşkar edildi. Oradan tapılan insan qalıqları üzərində işgəncə faktlarına rast gəlirik. Hesab edirik ki, bu cür konfransların, seminarların təşkil olunması, həmçinin, Naxçıvanda keçirilməsi olduqca vacibdir. Bu konfranslar vasitəsilə biz öz haqlı sözümü birbaşa və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq", - deyə Səbinə Əliyeva bildirib.

Ombudsman əlavə edib ki, bu günə qədər təsisat tərəfindən 18 beynəlxalq meyara cavab verən hesabatlar beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub. Onlardan ikisi mina terroru haqqında və itkin düşmüş şəxslər haqqında hesabatlardır. Cavab isə bizi qane edir deyə bilərik. Təbii ki, bunlar uzun perspektiv tələb edən işlərdir. Növbəti belə hesabatımız isə ümumi aşkar olunan kütləvi məzarlıqlar barədə olacaq.