Son dəqiqə

Azərbaycan ABŞ Xalid Taimur Əkrəm

ABŞ sülh səylərindən qərəzli ittihamlara keçməklə Azərbaycanla münasibətləri təhdid altında qoyur - Pakistanlı ekspert

Bakı. TurkicWorld:

ABŞ-nin son zamanlarda yanaşmasını dəyişərək vasitəçilik və sülh səylərindən imtina etməsi son dərəcə təxribat xarakterlidir və Azərbaycan-ABŞ münasibətlərində balansı pozur.

Bunu TurkicWorld -ə Ortaq Gələcəyi olan İcmalar üzrə Pakistan Tədqiqat Mərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

"Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Azərbaycana qarşı çox sayda əsassız uydurmalar səsləndirilib. Dinləmələrdə xüsusən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn bir sıra birtərəfli və qərəzli açıqlamalar verib. Onun sözləri son dərəcə qeyri-səmərəli, əsassız və qəbuledilməz idi. Bu cür bəyanatlar və dinləmələr Azərbaycan-ABŞ münasibətlərini həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə kəskinləşdirdi", - deyə o qeyd edib.

Analitikin fikrincə, Avropa və ABŞ-dəki erməni diasporu ABŞ-nin xarici siyasətinə mühüm təsir göstərir.

"Erməni lobbiçilərinin, ola bilsin ki, ABŞ-nin xarici siyasət qərarlarına təsir göstərməyə çalışdıqlarına dair narahatlıqlar mövcuddur. ABŞ-nin Azərbaycana bu cür birtərəfli yanaşması, məsələyə aidiyyəti olmayan və əsassız ittihamları nəticədə regionda təhlükəsizliyi zəiflədə bilər. Bu dəyişiklik ABŞ-nin xarici siyasətinin ədalətliliyi ilə bağlı narahatlıq yaradır", - deyə Xalid Teymur Əkrəm qeyd edib.

Ekspert Azərbaycanın öz ərazisini xarici müdaxilə olmadan erməni işğalından azad etdiyini və ABŞ-nin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi zədələyən roldan çəkinməli olduğunu bildirib.

"ABŞ bunun əvəzinə regional problemlərin həlli və davamlı sülhə yardım üçün mühüm dialoqa imkan yaratmaq məqsədilə konstruktiv yanaşma qəbul etməlidir", - deyə o sonda deyib.

Mövzuya görə xəbərlər