Bakı. TurkicWorld:
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionuna sülh yolunda konkret təkliflər verməyə hazırdır.
TurkicWorld xəbər verir ki, bunu Cənubi Qafqaz regionuna səfərə hazırlaşan Almaniyanın xarici işlər naziri Annalena Berbok səfər öncəsi deyib.
Almaniyalı nazirin sözlərinə görə, Almaniya və Aİ keçmişin kölgələrinə qalib gələrək region əhalisi üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə Azərbaycan və Ermənistanla birgə çalışmaq niyyətindədir.
Annalena Berbok bunun üçün Azərbaycan və Ermənistanın sülh naminə qarşılıqlı inam yolunda addımlamasının vacib olduğunu bildirib.
Aİ-nin regiona sülh yolunda konkret təkliflər etməyə hazır olduğunu deyən Berbok Qara dənizdə sualtı elektrik kabelinin çəkilməsi üzrə layihəyə toxunub və bunun Azərbaycanla Ermənistanı yaxınlaşdıra biləcəyini qeyd edib.
Qeyd edək ki, 4 noyabr 2023-cü il tarixində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və burada həmkarı, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.