Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir - Ombudsman

Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir - Ombudsman

Bakı. TurkicWorld:

Özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

TurkicWorld xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir.

"Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd olunduğu müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur", - deyə ombudsman qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.