TBMM Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib

TBMM Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasını ziyarət edib.

TurkicWorld-in məlumatına görə, İcmada keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisi tərəfindən Baş Katib Talip Uzun, Xarici əlaqələr və protokol şöbəsinin müdir müavini Ömər Faruk Kılıçkaya, Katibliyin baş məsləhətçisi Çiğdem Gündüz, Xarici əlaqələr və protokol şöbəsinin məsləhətçisi Mehmet Tekdoğan, Qərbi Azərbaycan İcması tərəfindən İcma sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər .
Qonaqları salamlayan İcmanın İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, son 200 ildə Azərbaycanlıların üzləşdiyi müsibətlərin gedişatında ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilib, soyqırımlarına məruz qalıblar.

Sədr vurğulayıb ki, 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiya əsnasında yaradılan təşkilat üç onillik boyunca soydaşlarımızın leqal təmsilçisi olub və bu ilin əvvəlində qəbul edilmiş Qayıdış Konsepsiyasına əsasən Qərbi Azərbaycanlıların geri qayıdışı istiqamətində müvafiq fəaliyyətini həyata keçirir. Əziz Ələkbərli deyib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə Qərbi Azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır.

İcma sədrinin müavini, millət vəkili Ramil Həsən də qonaqları salamlayaraq Qayıdış Konsepsiyasında nəzərdə tutulan digər istiqamətlər barədə danışıb, həmçinin Ermənistan ərazisində dağıdılan mədəni irsimiz, qəbristanlıqlar, dəyişdirilmiş toponimlərimiz barədə məlumat verib, bu abidələrin qorunması ilə bağlı İcmanın UNESCO-ya etdiyi müraciətləri xatırladıb.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qonaqlara soydaşlarımızın yaşadığı ağrı – acı, eləcə də deportasiyalar zamanı mədəni irsimizə dəyən zərər barədə məlumat veriblər.

Türkiyə Böyük Millət Məclisinin Baş Katibi Talip Uzun dinlədiklərindən təsirləndiyini bildirərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acılarını bölüşdüyünü deyib. Bir millət iki dövlət devizini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq modelinin dünyanın başqa heç bir nöqtəsində olmadığını vurğulayıb.

Görüşdən sonra qardaş ölkədən gələn nümayəndə heyəti İcmanın binası ilə tanış edilib, burdakı şəkil, xəritə və stendlərlə bağlı qonaqlara məlumat verilib.